Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Azərbaycana səfər edəcək
UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers AFFA-nın dəvəti ilə Bakıya səfər edəcək.
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın Mətbuat Xidməti açıqlayıb.
UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor olan niderlandlı mütəxəssis fevralın 27-də "Baku Marriott Boulevard" hotelində hakimlər üçün seminar keçirəcək. Kuypers saat 11:00-da başlayacaq seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşəcək. Həmçinin FIFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq. Tədbirin bağlanış mərasimi saat 16:30-da baş tutacaq.
Seminardan sonra saat 17:00-da Kuypersin iştirakı ilə brifinq təşkil olunacaq. Media nümayəndələri bağlanış mərasiminə və brifinqə iştirak edə biləcək.
2002-ci ildə hakimliyə başlayan Kuypers 2006-cı ildə FIFA kateqoriyasını alıb. 2009-cu ildən karyerasını başa vurduğu 2021-ci ilə qədər elit kateqoriyanı daşıyan Kuypers iki dəfə (2014, 2018) dünya, üç dəfə (2012, 2016, 2020) isə Avropa çempionatının final mərhələsinin matçlarına təyinat alıb. Həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, FIFA klublararası dünya çempionatı, FIFA Konfederasiyalar Kuboku kimi mötəbər yarışlarda dəfələrlə oyunlar idarə edib.
Qeyd edək ki, niderlandlı 2009-cu ildə U-21-lərin Avropa çempionatının finalını, 2011-ci ildə UEFA Superkubokunu, 2013 və 2018-ci illərdə UEFA Avropa Liqasının finalını, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunun finalını, 2014-cü ildə UEFA Çempionlar Liqasının finalını, eyni zamanda AVRO-2020-nin finalını idarə edib, DÇ-2018-də isə dördüncü hakim olub.
Byorn Kuypers 2021-ci il iyulun 29-da "Ayaks"la PSV arasında keçirilən Niderland Superkuboku matçını idarə etdikdən sonra karyerasını başa vurub.