Ukraynanın Poltava şəhərinin başçısı Aleksandr Mamay azərbaycanlı kikboksçu, “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyevi qəbul edib.
Oxu.Az-ın xəbərinə görə, Regionlar Partiyasının üzvü olan 53 yaşlı Mamay Alimə döş nişanı və diplom təqdim edib:
“Əminəm ki, Poltavada ən yaxşı idmançılar, o cümlədən peşəkar muay-tay və kikboksinq döyüşçüsü Alim Nəbiyev də yaşayır. O, yeddiqat dünya, üçqat Avropa çempionudur.
Peşəkar olaraq 15 ilə yaxındır idmanla məşğul olan Alim Nəbiyev yarımorta çəki dərəcəsində çıxış edir.
O, şəhərimizi dünya səviyyəsində tərənnüm edir, ona görə də bu gün ona döş nişanı və fəxri diplom təqdim etdim. Mən həmişə Poltava idmançılarını dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm. Onların uğuru peşəkar bacarıqlardan, təcrübədən, gücdən və böyük qələbə arzusundan asılıdır. Onlara dəstək vermək bizim əsas vəzifəmizdir!
Sizinlə fəxr edirik və idmanda yeni zirvələr fəth etməyinizi arzulayırıq!”
Qeyd edək ki, 27 yaşlı Alim Nəbiyev oktyabrın 23-də Niderlandın paytaxtı Amsterdamda keçirilən “Glory: Collision-3” turnirində amerikalı Troy Consu hakimlərin yekdil qərarına əsasən məğlub edib. Gürcüstanda doğulmuş, Ukraynada yaşayan “Professor” ləqəbinə malik azərbaycanlı indiyədək peşəkar kikboksinqdə 52 qələbə qazanıb və cəmi yeddi dəfə uduzub.

Səbuhi Musayev