Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yaponiyalı dünya çempionu: Bakıda ikinci titulumu qazanmaq istəyirəm
Çempion titulunu qoruyan idmançı kimi, Budapeştdəki çıxışımı təkrarlamaq və ardıcıl ikinci titulumu qazanmaq istəyirəm.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytına müsahibəsində Yaponiya yığmasının üzvü Soiti Hashimoto sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatındakı hədəfi barədə danışarkən deyib.
Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında qızıl medal qazanan 27 yaşlı cüdoçu bildirib ki, bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindir. 73 kq çəki dərəcəsindəki son dünya çempionu hər bir turnirdən həzz almağa çalışdığını söyləyib:
“Mənim çoxlu rəqibim var. Amma onların hər birinə qarşı fərdi şəkildə hazırlaşmaq üçün heç nə etmirəm. Ən böyük hazırlığım “Mən çempion olacağam” düşüncəsidir. Favorit sayıldığım üçün bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindir. Ona görə də təzyiqi qəbul edir və sadəcə, turnirdən həzz almağa çalışıram.
Cüdo aləmində çoxlu dostum var. Onlarla birgə işləmək və məqsədləri bölüşmək baxımından bəxtim gətirib. Cüdoya köklənə biləcəyim bir ortamda olduğum üçün hər kəsə – valideynlərimə, dostlarıma, azarkeşlərə, məni dəstəkləyən insanlara minnətdaram”.
Qeyd edək ki, Soiti Hashimoto 2017-ci ilin dünya, 2016-cı ilin Asiya çempionu, 2015-ci il Asiya çempionatının bürünc mükafatçısı, “Böyük Dəbilqə” seriyalı turnirlərdə altı qızıl, bir gümüş və bir bürünc medalın sahibidir. O, ötənilki dünya çempionatının finalında Azərbaycan təmsilçisi Rüstəm Orucovu üstələyib.
Səbuhi MUSAYEV
www.oxu.az