İspaniya milli komandasının futbolçusu Lamin Yamalın Barselona yaxınlığındakı Esplukes-de-Lyobreqat qəsəbəsində yerləşən evinə oğrular tərəfindən qarət cəhdi edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə İspaniya millisinin futbol üzrə dünya çempionatının yarımfinalında Fransaya qalib gəlməsindən sonra, yerli vaxtla təqribən saat 04:00-da baş verib. İdmançının şəxsi mühafizəçisi müşahidə kameraları vasitəsilə iki nəfərin Yamalın evini əhatə edən divarlardan birinə dırmaşdığını fərq edib. Soyğunçular ifşa olunduqlarını anladıqda dərhal divardan düşərək hadisə yerindən qaçıblar.
Hazırda polis işin istintaqı ilə məşğul olur. Qəzetin versiyasına görə, Yamalın malikanəsi kifayət qədər tanınmış məkandır. Çünki bu ev vaxtilə milli komandanın keçmiş oyunçusu Jerar Pike və müğənni Şakiranın birlikdə yaşadıqları dövrdə onlara məxsus olub.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Yamalın 19 yaşı var. Hücumçu 2023-cü ilin aprelindən əsas komandanın heyətində çıxış edir. O, komandası ilə birlikdə üçqat İspaniya çempionu (2023, 2025, 2026), ikiqat İspaniya Superkubokunun qalibi (2025, 2026) olub, həmçinin bir dəfə ölkə kubokunu (2025) qazanıb.