Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Oxu.Az xəbər verir ki, 405 komandanın yer aldığını siyahıda Azərbaycanın üç təmsilçisi var.
Ən yaxşı nəticə “Qarabağ”dadır. Ağdam klubu 144,5 xalla 64-cü sırada yer alıb. “Atlılar” ötən siyahı ilə müqayisədə 15 pillə irəliləyib.
“Sabah” 64,5 xalla 286-cı pillədə qərarlaşıb. “Bayquşlar” bundan əvvəl 337-ci sırada idi.
“Neftçi” isə geriləyib. Ötən siyahıda 298-ci olan “ağ-qaralar” bu dəfə 62,75 xalla 311-ci yerdədir.
Reytinq klubların 2022-ci ilin 1 sentyabrından 2023-cü ilin 31 avqustuna qədər olan müddətə görə hesablanıb.
Siyahıya 312 xalla “Mançester Siti” (İngiltərə) başçılıq edir. İspaniya “Real Madrid”i 301 xalla ikinci, 268 xala malik Braziliya “Flamenqo”su üçüncüdür.