Bu gün futzal üzrə Azərbaycan millisi beşinci dəfə qatıldığı Avropa çempionatında ilk oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, millimiz Fransa ilə qarşılaşacaq.
Bu oyundan öncə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın saytına müsahibə verib. Axundov oyundan əvvəl onu narahat edən məqamlar barədə danışıb:
“Rəqibin kimliyindən asılı olmayaraq, hər oyundan əvvəl narahatlıq keçirirəm. İspaniya – Fransa qarşılaşmasını izlədikdən sonra isə narahatlığım bir qədər də artıb. Fransa gözləmədiyimiz oyunu nümayiş etdirdi. Deyərdim ki, həmin oyunda İspaniya 1 xal qazandı, Fransa isə 2 xal itirdi. Artıq Avropada zəif komanda, rəqib anlayışı yoxdur. Əgər Fransa Xorvatiya kimi komandanı məğlub edib həlledici mərhələyə qatılıbsa, deməli güclü rəqibdir. Onlar İspaniya ilə oyunda bunu bir daha təsdiqlədilər.
Onlar meydana istəkli çıxmışdılar, sona qədər də əzmkarlıq göstərdilər. Komandadakı ruh yüksəkliyi onları oyuna yaxşı kökləmişdi. Nəticədə dünya və Avropa çempionu olan İspaniya meydanda aciz görünürdü. Təbii ki, güclü rəqiblə oyunda qazanılan 1 xal onlara əlavə ruh yüksəkliyi verib. Çalışacaqlar bizimlə qarşılaşmada da qələbə qazansınlar və özləri üçün yeni tarix yazsınlar. Ona görə də Fransa ilə oyun bizim üçün çempionatın final matçına bərabərdir”.
Fransanın çempionata Azərbaycan millisindən əvvəl start verməsinin müsbət və mənfi məqamları hansılardır? Zaur Axundov bu suala da cavab verib:
“Onlar artıq meydana alışıblar, ilkin həyəcanı yaşayıblar, xal hesabını açıblar. Bizim üçün müsbət məqamı odur ki, oyunçularımız bir gün artıq istirahət ediblər. Ümumiyyətlə, Fransanın İspaniya kimi favorit komandadan xal alacağını heç kim gözləmirdi. Ancaq futbolda belə sürprizlər də yaşanır. Onlarla oyunda bizi ancaq qələbə qane edəcək. Heç-heçə də komandamıza sərf etmir.
İndiyə qədər heç vaxt rəqibimizdən qorxmamışıq, ancaq hörmətlə yanaşmışıq. İspaniya, İtaliya, Rusiya kimi daha güclü rəqiblərlə də qarşılaşmışıq, ancaq meydana qorxu altında çıxmamışıq, sona qədər mübarizə aparmışıq. Bəlkə də İspaniya Fransa ilə oyuna arxayın çıxmışdı və yekunda bunun acısını daddı... Heç-heçə bizim üçün məğlubiyyətə bərabərdir. Ancaq qələbə qazanacağımız təqdirdə komandadan razı qala bilərəm”.
Qeyd edək ki, Azərbaycan - Fransa oyunu Bakı vaxtı ilə saat saat 21:00-da başlayacaq və “CBC Sport” telekanalında canlı yayımlanacaq. Oyunu Ancelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrjey Çernıdan (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək.
S.T.
www.oxu.az