Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün birinci görüşü Tovuzda baş tutub.
“Turan Tovuz” mövsümdə ilk dəfə doğma azarkeşləri önündə meydana çıxıb. Komanda “Səbail”i qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb -1:3. Fransalı hücumçu Aleksandr Ramalinqom 5-ci dəqiqədə paytaxt klubunu hesabda irəli keçirib. 57-ci dəqiqədə Yusif Nəbiyev fərqi artırıb. 84-cü dəqiqədə Roderik Millerin qolu “Turan Tovuz”u ümidləndirsə də, “Səbail” yenidən fərqi iki topa çatdırmağı bacarıb. 90-cı dəqiqədə Ağabala Ramazanov oyunda son nöqtəni qoyub.
Mövsümdə ilk qələbəsini qazanan “Səbail” dörd xalla altıncı, “Turan Tovuz” isə altı xalla dördüncüdür.
Xatırladaq ki, turun dünən baş tutan ilk oyununda “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə (1:1) ediblər.
Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” - “Qəbələ” və “Qarabağ” - “Kəpəz” matçları ilə yekun vurulacaq.
Faiq Tahirov