"Sabah bizi adlı-sanlı rəqibə qarşı çətin qarşılaşma gözləyir. İlk oyunda əldə etdiyimiz üstünlüyə baxmayaraq, rəqibin güclü heyəti, təcrübəli baş məşqçisi və öz azarkeşləri önündə oynayacaq olması işimizi çətinləşdirir. Onların matçın gedişatını dəyişmək üçün sonadək mübarizə aparacağını bilirik. Komandamız buna hazırdır. Oyunun maraqlı keçəcəyini düşünürəm və əsas vaxtda növbəti mərhələyə yüksələcəyimizə ümid edirəm".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Torpedo" (Kutaisi) komandası ilə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında səsləndirib.
Mövsümün ilk rəsmi matçlarının həmişə müəyyən çətinliklərlə müşayiət olunduğunu vurğulayan R.Sadıqov rəqibin ev sahibi kimi daha aqressiv oynayacağını gözlədiklərini bildirib:
"Bilirik ki, rəqib sabah daha yaxşı çıxış etməyə çalışacaq. Əgər növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki hazırlıq, həm də taktiki baxımdan daha keyfiyyətli oyun sərgiləməliyik. Tam optimal formaya çatmaq üçün isə adətən 3-4 rəsmi görüş keçirmək lazımdır".
Xatırladaq ki, Bakıda baş tutan ilk qarşılaşmada "Zirə" 3:0 hesablı inamlı qələbə qazanıb. İyulun 16-da keçiriləcək "Torpedo" - "Zirə" cavab görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.