Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanlı məktəblilər Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə saxlayıblar - FOTO
İlk dəfə olaraq azərbaycanlı məktəblilər Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə saxlayıblar.
Oxu.Az xəbər verir ki, 4-10 oktyabr tarixlərində Bakıda keçirilən Ümumdünya Kosmos Həftəsi çərçivəsində Azərbaycan Respublikası Kosmik Agentliyinin - “Azərkosmos”un təşəbbüsü ilə Bakı Avropa Liseyində məktəblilərlə görüş keçirilib.
Görüşdə Bakı şəhəri 149 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd orta məktəblərdə oxuyan şagirdlərin kosmosa olan marağının artırılması olub. Şagirdlər beynəlxalq kosmos ictimaiyyətinin fəal üzvü olan və 2010-cu ildən etibarən regionda ilk peyk operatoru olaraq telekommunikasiya və Yerin müşahidəsi xidmətlərini həyata keçirən “Azərkosmos”un fəaliyyəti ilə yaxından tanış olublar.
Sual-cavab formatında davam edən görüşdə məktəblilər “Azərkosmos”un 2013 və 2018-ci illərdə orbitə çıxarılmış ilk telekommunikasiya peykləri olan “Azerspace1” və “Azerspace2”nin iş prinsipi haqqında maraqlı suallar veriblər.
Daha sonra məktəblilərə ölkəmizin 2-6 oktyabr tarixlərində ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında və Ümumdünya Kosmos Həftəsi haqqında geniş məlumat verilib.
Eyni zamanda, məktəblilərə çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiya olan ISS haqqında ətraflı məlumat verilib.
Tədbirdə məktəblilər olduqca xoş bir sürprizlə qarşılaşıblar. Belə ki, “Azərkosmos”un dəstəyi ilə ilk dəfə olaraq şagirdlər Beynəlxalq Kosmik Stansiya (ISS) ilə radiorabitə yarada biliblər.
Uğurla baş tutmuş radioəlaqə şagirdlərin böyük marağına və sevincinə səbəb olub.
Tədbirin sonunda məktəblilər üçün 3D çap üzrə master-klas keçirilib və “Azərkosmos” tərəfindən hədiyyələr verilib.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər