Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Aztelekom”a yeni baş direktor təyin edildi
Azərbaycanın sabit telekommunikasiya operatoru “Aztelekom” MMC-nin baş direktoru vəzifəsinə yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, artıq sözügedən vəzifəni alman əsilli Klaus Müller icra edir.
Yeni təyinatın məqsədi qurumda korporativ idarəetmənin dünya praktikasına uyğun təşkili, şirkətdə müştəri yönümlü korporativ mədəniyyətin təşəkkülü, xidmət şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsidir.
Klaus Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkanlarda rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib. Hazırda “Avropada Amerika Ticarət Palatası”nın idarə heyətinin üzvüdür.
“Aztelekom” MMC-yə təyinatından öncə ABŞ-da “McKinsey&Co” şirkətində telekommunikasiya məsələləri üzrə məsləhətçi olub.
Klaus Müller iqtisadiyyat, siyasi elmlər və biznesin idarəedilməsi üzrə təhsil alıb. Bavariyanın “Fridrix-Aleksandr Universiteti”nin rabitə sənayesində institusional dizayn və tənzimləmə tədqiqatları üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.
Təyinatla bağlı faktı qurumdan təsdiq ediblər.
İlhamə Əbülfət
Rəylər