"Yeni texnologiyaların tətbiqi vasitəsilə innovativ inkişafın ən düzgün yolunu müəyyən etməyə çalışırıq. Bu məqsədlə mən AI5 adlı yeni texnologiyanın yaradıldığını elan edirəm".
Oxu.Az xəbər verir ki, bunu Koreya Elm və İKT Nazirliyinin İKT siyasəti şöbəsinin müdiri Dokyu Li Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında keçirilən panel müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırda bəşəriyyət arasında mövcud rəqəmsal uçurumun aradan qaldırılması və qlobal gələcək üçün rəqəmsal əməkdaşlığın qurulması heç vaxt indiki qədər vacib olmayıb:
"Qlobal ictimaiyyət universal və mənalı əlaqəliliyə nail olmaq üçün həmrəy şəkildə çalışmalıdır.
Koreya insan resursları, rəqəmsal infrastruktur və innovasiya sahəsində mühüm nailiyyətlər əldə edib. Son 20 ildə düzgün siyasət və hədəflənmiş investisiyalar sayəsində biz mobil texnologiyalar əsasında ölkə üzrə genişzolaqlı şəbəkə və əlaqə mərkəzləri qurmuşuq.
Bu addımlar bütün koreyalıların internetə, mobil xidmətlərə, informasiya-kommunikasiya texnologiyalarına və rəqəmsal məxfiliyi qoruyan sistemlərə çıxışı üçün möhkəm baza formalaşdırıb. Biz həmçinin GPT kimi növbəti nəsil texnologiyaların tətbiqi üzərində çalışırıq. Bunun səbəbi sadədir: gələcəyin texnologiyalarına hazır olmaq və onların faydasını hamı üçün əlçatan etmək.
Bundan əlavə, Koreyanın "Məlumat İnklüzivliyi Aktı" rəqəmsal məlumatlara bərabər çıxışı təmin etmək məqsədilə məlumat siyasətlərinin ilk mərhələdən etibarən inklüziv şəkildə formalaşdırılmasını tələb edir. Koreya beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyə sadiqdir ki, data texnologiyalarının faydaları bütün dünyaya yayılmış olsun".
Aygün Mirakif