Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Meta” şirkəti sosial şəbəkələrdəki nasazlıqla bağlı məlumat yayıb - YENİLƏNİB
“Meta” şirkətinin mətbuat katibi Endi Stoun sosial şəbəkələrdə nasazlığa səbəb olan texniki problemlərin aradan qaldırıldığını elan edib.
E.Stoun “X” səhifəsində müvafiq məzmunlu yazı dərc edib.
“Bu gün səhər saatlarında sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez həll etdik”, - şirkət nümayəndəsi vurğulayıb.
Bundan əvvəl Honkonq provayderi “HGC Global Communications Limited” bəyan edib ki, “Facebook” və “Instagram”dakı nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır. Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyib.
Provayder zədələnmiş kabellərin qlobal trafikin 25 faizini təşkil etdiyini açıqlayıb.
22:12
“Facebook” və “Instagram”dakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.
Bu barədə Honkonq provayderi “HGC Global Communications Limited” məlumat yayıb.
Bildirilib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi quruplaşması tərəfindən törədilib.
Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir.
Artıq hücumun nəticələri aradan qaldırılır.
Bəzi proqnozlara görə, kabellər yalnız səkkiz həftədən sonra tam bərpa olunacaq.
21:10
“Facebook”, “Instagram” və “Threads” sosial şəbəkələrində yaranan qlobal problem aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, hazırda bir çox istifadəçi sözügedən sosial şəbəkə platformalarındakı profillərinə daxil ola bildiklərini qeyd ediblər.
20:38
“Facebook”və “Instagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələ ki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
“Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur”, - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
20:30
“Facebook”da yaranan qlobal problem aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, hazırda istifadəçilər sözügedən sosial şəbəkə platformasındakı profillərinə daxil ola bildiklərini bildiriblər.
Qeyd edək ki, “Instagram” və “Threads” sosial şəbəkələrinə girişdə yaranan məhdudiyyət davam edir.
20:20
“Facebook” hazırda texniki səbəblərdən əlçatan deyil. Bir neçə dəqiqədən sonra hesablarınıza yenidən daxil ola biləcəksiniz”.
Oxu.Az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin girişində yazılıb.
“Sosial şəbəkədə texniki nasazlığın aradan qaldırılması zamanı gözlədiyiniz üçün təşəkkür edirik”, - deyə elanda qeyd olunub.
19:30
“Facebook”, “Instagram” və “Threads” sosial şəbəkələrində qlobal problem yaranıb.
Oxu.Az xəbər verir ki, hazırda bir çox istifadəçi sözügedən sosial şəbəkə platformalarındakı profilinə daxil ola bilmədiyini bildirir.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Rəylər