Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Afaq Bəşirqızı: "Evləndiyimizin səhəri günü gəlib kişini apardılar" - MÜSAHİBƏ + FOTO/VİDEO
"Baxırsan, qoyulan tamaşalar nə vəziyyətdə... Klassik tamaşaları nə hala salırlar... Amma heç nə deyə bilmirsən. Ətrafında gənclərdir, onları sındırmaq istəmirsən, danışacaqsan da... Lap deyək ki, bir sən danışdın. Əgər artıq zəng olunubsa ki, tamaşanı tərifləyin, nə olacaq? Tamaşa hələ iki saat sonra başlayacaq, artıq resenziyası hazırdır. Hələ tamaşa başlayıb pərdə açılmamış verilir mediaya. Deyən yoxdur ki, qoy bir bu tamaşa getsin, görək nədir, nə deyil. Həyatda hər şey qışqırmaqla olmur axı.
Elə-belə deyilməyib ki, incəsənət qurban tələb edir. İndikilər qurban getməyi, qurban verməyi sevmirlər. Mənim oynadığım obrazların qrimini indi çox çətin ki, hansısa aktrisaya etdirə biləsiniz. Çox çətin məsələdir".
Bunu Oxu.Az-a müsahibəsində Xalq artisti, sevimli səhnə ustamız Afaq Bəşirqızı deyib.
Müsahibədən bəzi hissələri təqdim edirik, tam şəkildə videoformatda izləyə bilərsiniz.
- Son vaxtlar Afaq Bəşirqızını niyə tez-tez görə bilmirik?
- Vallah, bu, məndən asılı səbəblərdən deyil. Olur da... Qocalmışam. (gülür) Səhhətim bir balaca zarafat elədi mənimlə.
- Deyirlər ki, Afaq Bəşirqızı təbiətcə çox sərt insandır. Tamaşaçı kimi sizi həmişə gülən və güldürən görmüşük. Əslində, Afaq Bəşirqızı xasiyyətcə sərtdir, yoxsa mülayim?
- Nə bilim. Baxır, harada sərtəm, harada mülayim. Yerinə baxır...
- Ümumi özünüzü xarakterizə etsəniz?
- Sərt...
- Nədən doğur bu sərtlik?
- O mənlik deyil ki. Mənə həyat verib o tərbiyəni. Məni axı həyat tərbiyələndirib. Mən həyatda tək olmuşam. Ona görə də müəyyən hadisələrə baxanda demişəm ki, hə, deməli, belə olmaq lazımdır. Deməli, bir az sərt olmaq lazımdır. Amma ümumən xasiyyətim mülayimdir. İnsana qarşı diqqətliyəm, mənə üz tutan adama qarşı heç vaxt diqqətsizlik etməmişəm. Hətta mənim gücüm çatmayan iş olub ki, mənə müraciət ediblər, daxilimdə demişəm ki, axı bunun mənə bir dəxli yoxdur, mən buna nəsə edə bilmərəm. Amma çox sağ olsunlar, müəyyən - hamıya şamil etmirəm - vəzifələrdə oturan insanlar ki var, insan oğulları, onlara həmin müraciətləri çatdıranda böyük köməklik göstəriblər.
- Təbiətcə sərtsiniz, yaratdığınız obrazlar isə rəngarəngdir. Sərtlik və rəngarənglik - necə bir araya gətirirsiniz bunları?
- Obraz mənim xasiyyətim deyil, yaradıcılığımdır. Obraz mənim xasiyyətimin təbiiliyidir. Hər hansı obraz mənim xoşuma gəlməsə, onu heç vaxt oynamaram, oynaya bilmərəm. Mən onun rənglərini, çalarlarını tapmasam, ləhcəsini tapmasam, xarici görünüşünü, geyim tərzini tapmasam, o obrazla nə edə bilərəm? Heç bir şey.
Hərdən olur ki, tamaşaya heç aidiyyəti olmayan bir replika atılır zaldan, onda Afaq sərtləşir. Obrazdan çıxmamaq şərti ilə o yersiz replikanın qabağında mən elə replika, elə söz demişəm ki, o tamaşaçı artıq replikasını unudub, ümumiyyətlə, tərgidib.
- Afaq xanım, replika demişkən, keçək birbaşa improvizəyə. Səhnədə improvizələri sevirsiniz?
- Bəli, sevirəm.
- Ən yaddaqalan, ən gözlənilməz improvizəniz hansı obrazınızda olub ki, tamaşaçı heç onun improvizə olduğunu bilməyib?
- Nə yalan deyim, bir az müştəbehlik kimi çıxmasın, amma mənim elə bütün obrazlarım improvizədir. Götürək çox geniş tamaşaçı kütləsinə tanış olan "Bəxt üzüyü"nü. Həmin filmdəki "Söylü" mənim improvizəmdir, "Moşu" Valehin (Xalq artisti Valeh Kərimov - red.) improvizəsidir. Bu improvizələri biz rejissorla razılaşıb etmişik. Rejissoru inandırmışıq ki, bunu belə eləsək, yaxşı olacaq.
- "Söylü"nü obraz kimi, xarakter kimi necə yaratdınız?
- Allah rəhmət eləsin dünyasını dəyişən bütün sənətkarlara, bizdə Hacı Xəlilov var idi - aparıcı aktyorumuz, o rəhmətə getmişdi, həyat yoldaşı Tükəzban xanım teatrda inzibati işdə işləyirdi. Sırf Hacının ətrini almaq üçün teatr rəhbərliyi onu teatra gətirmişdi. Heç çox da yaşamadı. Siz təsəvvür edin ki, mən onun yanında oturmuşdum, Qazax ləhcəsi öyrənirdim. Çünki Qazax ləhcəsi ilə Gürcüstan ləhcəsini bir-birinə qatırlar, amma bunlar tamamilə fərqlənir. Hər hansı bir yerin adətini, ənənəsini, ləhcəsini təmiz bilməsən, onu oynamaq olmaz. Bu artıq həmin o yeri, üzr istəyirəm ifadəmə görə, ələ salmaq deməkdir. Ona görə olmaz. Onu gərək sən tam biləsən ki, sənə baxan o zonanın adamı bilsin ki, düzgün oynayırsan, düzgün danışırsan.
"Söylü"dən sonra dəfələrlə eşitmişdim ki, deyirlər, Afaq xanım qazaxlıdır. Amma mənə rəhmətlik Tükəzban xanım öyrətmişdi. İki-üç ay onun yanına getmişdim o ləhcəni öyrənməyə. Ona görə deyirəm ki, "Söylü" mənim improvizəmdir, "Moşu" - Valehin.
Hətta deyim ki, mən yüzə qədər tamaşa oynadım, sonra isə dəvət olundum şəhər teatrına. Mən bir az "Bəxt üzüyü"ndən uzaqlaşdım, amma Valeh xırda səhnəciklərdə, bayramlarda-filanda oynaya-oynaya hələ bu gün də "Moşu"dan çıxa bilməyib. Bu da aktyor üçün böyük bir fəlakətdir, sizə deyim. Valeh "Moşu"nun möhürünü vurub.
- Amma siz də "Söylü"nün möhürünü vurmusunuz...
- Hə. Amma mən qaçdım, "Söylü" olmadım, "Söylü" qalmadım. Mənim "Bala başa bəla"da "Suğra"m var, digər obrazlarım var. Yəni mən sonrakı rollarımla yenə tamaşaçı yaddaşında qaldım.
- Afaq xanım, istər "Söylü", istər "Yarımştat"da "Ayka", istər hər kəsin sevdiyi "Darçınbəyim" və digər obrazları, yəqin ki, haradansa, kimdənsə götürürdünüz. Necə formalaşırdı bu obrazlar?
- Əzizə xanım, yox, yalan danışmaqla mənim aram yoxdur. Ola bilər ki, hansısa ştrix haradansa yadımda qala bilər, amma mən bunu götürüm, haçansa oynayaram, yox, belə şey olmayıb. Bayaq dediyim kimi, təqdim olunan obraz mənim xoşuma gələndən sonra başlayıram xırdalıqlarını araşdırmağa, axtarmağa.
- Oynadığınız bütün filmlərdə və ya tamaşalarda bir aktyor ansamblı var, ahəng var. Yəni səhnədə hamı bir-birini tamamlayır. Bu gün isə sanki biz həmin o ansamblı görə bilmirik. Nə tamaşalarda, nə kinoda, nə seriallarda. Bu ahəngsizlik, bu boşluq, bu qədər süni və bayağı danışıq, pafos, sizcə, nədən yaranıb? Bu, rejissor boşluğudur, aktyor boşluğudur, ya nədir?
- Mən ancaq qısa və konkret onu deyə bilərəm - elə-belə deyilməyib ki, incəsənət qurban tələb edir. İndikilər qurban getməyi, qurban verməyi sevmirlər. Bunsuz da mümkün olan şey deyil.
- Bu gün teatr və kino sahəsində ən böyük boşluğu nədə görürsünüz?
- İncəsənət biznes deyil. İncəsənətdə pul yoxdur. İncəsənətdə pul yoxdur! Bunu hamı bilməlidir.
- Afaq xanım gəldiyi yolu yenidən gəlməli olsaydı, yolunu səhnədən salardı?
- Bugünkü vəziyyətim, bugünkü anım məni məcbur edir, yox, məni sövq edir, ürəkdən deyirəm ki, nə yaxşı ki, mən aktrisa oldum. Daha doğrusu, nə yaxşı ki, indi sizinlə oturub söhbət edən Afaq Bəşirqızı oldum. Bu sənətim mənə çox burulğanlarda kömək elədi. Çünki siz təsəvvür edin ki, insana "ana" sözü qəribə gəlir, "ata" sözünü ilyarım deyə bilib, o da bir, ya iki dəfə.
- Afaq xanım, yaşınızın bu çağında Əhməd müəllimlə aranızdakı münasibətin adı nədir - sevgi, yoxsa dərin bir hörmət?
- Bilirsiniz, "sevgi" sözü, mənə görə, bir az çılpaq səslənir. Sevgi, mənə elə gəlir ki, bu yola başlamaq üçün olan bir mərhələdir. Yəni bəzənirsən-düzənirsən. Qız istəyir oğlanın xoşuna gəlsin, oğlan istəyir qızın. Düzdür, əslində, bu bizdə belə olmadı. Bizdə hər şey "milis"lə başladı, "milis"lə bitdi. Evləndiyimizin səhəri günü gəlib kişini apardılar. (gülür) O mənim doğmamdır, başa düşürsünüz, doğmam. Məhz bugünkü vəziyyətimdə 24 saat ərzində ona, bəlkə, 24 min dəfə təşəkkür edirəm. Nə yaxşı ki, var.
- Deyirlər ki, Afaq xanım mediadan inciyib...
- Niyə?
- Bilmirəm. Elə deyirlər. Ona görə də sizdən eşitmək istəyirəm - Afaq xanım mediadan inciyib?
Ətraflı videoda:
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
"Afaq Bəşirqızı" teqi üzrə xəbərlər
- Xalq artisti Afaq Bəşirqızının doğum günüdür
- Xalq artisti Afaq Bəşirqızı: “İndi ərinə vəfalı, təmiz qadınlar çox azdır”
- Afaq Bəşirqızının nəvələri - FOTO
- Səhnəmizin “Ovçu Pirim”i: “Aktyor avtobusda basabasda gedib, səhnədə “kral”ı oynaya bilməz” - MÜSAHİBƏ + FOTO
- Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür
Rəylər