Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Oxu.Az Komitəyə istinadən xəbər verir ki, hərracda yeddi kiçik dövlət müəssisəsi, altı qeyri-yaşayış sahəsi və dörd nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsinin dördü Bakıda, üçü regionda yerləşir.
Paytaxt üzrə özəlləşdirilən dörd kiçik dövlət müəssisəsi müvafiq olaraq Qaradağda, Nəsimidə, Binəqədidə və Nərimanovda yerləşir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Bakının Qaradağ rayonunda yerləşən “Metal və ərzaq anbarı”, İmişli rayonunda yerləşən 2 saylı yanacaqdoldurma məntəqəsi aiddir.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 3 kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncədə, İmişlidə və Qubada yerləşir.
Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti müvafiq olaraq Yasamalda, Xətaidə və Nəsimi rayonundadır. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Gəncədə yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 14,2 kvadratmetrlə 107,3 kvadratmetr arasında dəyişir.
Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 13 iyun tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyət, 40-ı kiçik dövlət müəssisə və obyekt, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir.
L.Ə.