2025-ci ilin 11 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xəzinədarlıq orqanları bu dövrdə 1 milyon 436 mindən çox ödəniş tapşırığını icra edib və büdcə gəlirlərində yüksək göstəricilər qeydə alınıb.
Cari ilin yanvar-noyabr ayları ərzində icmal büdcənin gəlirləri 43 milyard 855.2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 milyard 526 milyon manat və ya 6.1 faiz üstələyir. Dövlət büdcəsinin gəlirləri isə 35 milyard 625.6 milyon manat təşkil edərək proqnozu 324.6 milyon manat və ya 0.9 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 15 milyard 310.5 milyon manat, proqnozdan 745.5 milyon manat və ya 5.1 faiz çox olub. Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41.6 milyon manat, proqnozdan 10.2 milyon manat və ya 32.5 faiz artıq icra olunub. Dövlət Neft Fondundan transfert isə 13 milyard 274.3 milyon manat təşkil edərək proqnoza 100 faiz uyğun icra edilib.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752.2 milyon manat, proqnoza qarşı 96.6 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 592.3 milyon manat, proqnoza qarşı 72.7 faiz, sair daxilolmalar isə 654.7 milyon manat, proqnoza qarşı 99.1 faiz icra olunub.
Eyni dövrdə icmal büdcənin xərcləri 36 milyard 784.3 milyon manat təşkil edib ki, bu da ötən ilin 11 aylıq göstəricilərindən 1 milyard 397.6 milyon manat və ya 3.9 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri isə 31 milyard 414.7 milyon manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 376.6 milyon manat və ya 1.2 faiz çoxdur.