Qlobal iqtisadi-maliyyə böhranı illərində inkişaf etmiş ölkələrin bir sıra ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib, makroiqtisadi sabitlik tam təmin olunub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəliyyət Qrupunun iclasında iqtisadi inkişaf naziri, Milli Fəaliyyət Qrupunun rəhbəri Şahin Mustafayev bildirib.
O deyib ki, son on ildə ÜDM 3,4 dəfə, qeyri-neft ÜDM-i 2,7 dəfə artmış, ÜDM-in adambaşına düşən həcmi 8,4 dəfə artaraq 7 500 dollara yüksəlib. Bu dövrdə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulub, büdcə gəlirləri 14,2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb, strateji valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb. Əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb, 1,2 milyon yeni iş yeri açılmış, əhalinin gəlirləri 6,1 dəfə artıb, yoxsulluq səviyyəsi 6%-ə enib. Əldə edilən nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Nazir bir neçə gün əvvəl açıqlanan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan 148 ölkə arasında 39-cu mövqedə qərarlaşmasına da münasibət bildirib. O vurğulayıb ki, Azərbaycan ötən dövr ərzində Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlib, BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna daxil olub.
Ş.Mustafayev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla icra edildiyini vurğulayıb:
“Belə ki, bu ilin ilk yeddi ayında ÜDM 5% artıb, qeyri-neft ÜDM-ində isə 10,5% artım qeydə alınıbr. Qeyri-neft ÜDM-in yüksək artım tempi Konsepsiyada nəzərdə tutulan digər hədəflərə də nail olmağa zəmin yaradır.
Bu ilin yeddi ayı ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2%, qeyri-neft ixracı isə 10% artıb. Hazırda qeyri-neft ixracının təxminən yarısını kənd təsərrüfatı və aqrar sektorun emalı məhsulları təşkil edir. Sənaye üsulu ilə quş əti istehsalı son 10 ildə 4,6 dəfə çoxalıb. Son üç ildə qurulan süd zavodları sayəsində ölkənin süd emal gücü 2 dəfədən çox artıb. Yaranan yeni istehsal gücləri qarşıdakı illərdə bu sahədə Azərbaycanın ixracını əhəmiyyətli dərəcədə artıracaq”.
Nazir konsepsiyada qeyri-neft sektorunda ÜDM-in orta illik artım tempinin 7%-dən yuxarı saxlanılmasının, adambaşına düşən ÜDM-in 13 min dollara çatdırılmasının, adambaşına düşən qeyri-neft ixracının 1 000 dollara yüksəldilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.