Gələcəkdə Ağsu aşırımından keçən yolun yenidən tikilməsi planlaşdırılır.
Oxu.Az El TV-yə istinadən xəbər verir ki, Ağsu 12 saylı Yol İstismar İdarəsinin iş icraçısı Eldar İsrafilovun sözlərinə görə, yolətrafı obyektlərin nə vaxt söküləcəyi və inşaata nə zaman başlanılacağı hələlik dəqiq bəlli olmasa da, artıq dolaylardakı Baş Dövlət Yol Polisinə məxsus postda xidmət edən əməkdaşlar Mərəzə postuna aparılıb.
Ağsu 12 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi tərəfindən isə hərəkət nişanlarının rənglənməsi, avtomobillərin gediş-gəlişinə mane olan ağacların yoldan təmizlənməsi işləri davam etdirilir.
Qeyd edək ki, Bakı-Şamaxı-Muğanlı-Yevlax avtomobil yolunun Ağsu dolayları adlanan 14 kilometrlik hissəsində qış aylarında avtomobillərin hərəkəti çətinləşir. Yağış və qar suyu yolda sürüşmə zonaları yaradır.
Qışdan qalan belə sürüşmə hissələrinə yolun 147-149-150-152-ci kilometrliyində rast gəlinir. Hərəkət zolağında çatlar da aydın müşahidə olunur.