Berlin “Cənub qaz dəhlizi”nin inkişafında maraqlıdır.
Oxu.Az xəbər verir ki, belə bəyanatla Almaniya kansleri Angela Merkelin Gürcüstan, Ermənistan və Azərbaycana səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi çıxış edib.
O bildirib ki, Almaniya hökuməti Türkiyə üzərindən Avropaya alternativ qaz kəmərlərinin çəkilməsini dəstəkləyir.
“Cənub qaz dəhlizi” üç qaz kəmərindən ibarətdir: Cənub Qafqaz (Bakı – Tbilisi - Ərzurum), Transanadolu (TANAP) və Transadriatik (TAP).
Azərbaycanın “Şah-Dəniz -2” yatağından hasil olunan qazın Türkiyəyə ötürülməsi, daha sonra isə onun bir hissəsinin TAP vasitəsi ilə İtaliya sahillərinə nəql olunacağı nəzərdə tutulub.
Azərbaycan qazının Avropaya satışı 2020-ci il üçün nəzərdə tutulub.
“Avropada qazın yalnız Rusiyadan deyil, digər regionlardan da alınması – bu, AB-nin diversifikasiya siyasətinin tərkib hissəsidir”, - Almaniya hökumətinin nümayəndəsi deyib.
O, Azərbaycanı strateji əhəmiyyətli ölkə adlandırıb və gələcəkdə Türkmənistan, İran və İraqdan da qazın Avropaya nəqlinin mümkünlüyünü vurğulayıb.