2015-ci il aprelin 8-də Samux rayonunda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçiriləcək.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Ölkədə aparılan aqrar siyasətə uyğun olaraq bölgələrdə bitkiçilik məhsullarının istehsalının artırılması, itkilərin qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi və s. istiqamətlər üzrə texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir” - deyə, nazirliyin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, tədbirdə Nazirliyin Aparatının, Xidmətlərinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm Mərkəzinin, aidiyyəti Elmi-Tədqiqat İnstitutlarının, Nazirliyin Samux, Göygöl, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında fəaliyyət göstərən qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakı nəzərdə tutulur.