Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində olan “Asan Xidmət” sığorta fəaliyyəti də göstərməyə başlayıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin Dövlət Sığota Nəzarəti Xidməti “ASAN xidmət”in təsisçisi olduğu “İnnovasiyalar” MMC-yə sığorta agenti fəaliyyəti göstərmək üçün lisenziya verib.
Bu lisenziya əsasında “ASAN xidmət” bütün ölkə ərazisində sığorta vasitəçisi kimi fəaliyyət göstərə biləcək.
“ASAN xidmət”-in sığorta xidmətləri Departamentinin direktoru Səxavət Bədəlov bildirib ki, artıq “ASAN xidmət” mərkəzlərində vətəndaşlara sığorta xidmətlərinin göstərilməsi üçün bir sıra sığorta şirkətləri ilə müqavilələr bağlanıb.
Onun sözlərinə görə, ümumilikdə mərkəzdə vətəndaşlara 10-12 növ sığorta xidməti göstəriləcək. Müştəri burada təmsil olunan sığorta şirkətlərindən hansını seçərsə, onun xidmətlərindən də istifadə edəcək.
“ASAN Xidmət” kasko, avtomobillərin icbari sığortası, əmlakın icbari və könüllü sığortası, xaricə gedənlərin sığortası və s. sığorta xidmətləri göstərəcək.