Avropa Oyunları çərçivəsində nəqliyyat xidmətlərinin göstərilməsinə hazırlıq öz axarı ilə gedir. İşlər yekunlaşmaq üzrədir. Bir neçə gün öncə ilk test tədbirləri həyata keçirildi.
Sərnişindaşımada iştirak edən bütün nəqliyyat vasitələri tamaşaçılara və qonaqlara xidmət göstərdilər. Hesab edirəm ki, biz tam hazırıq. Xırda ştrixlər var ki, onların üzərində işlər yekunlaşdırılır.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov çərşənbə axşamı Bakıda keçirilən TransCaspian 2015 beynəlxalq nəqliyyat sərgisində bildirib.
M.Pənahovun sözlərinə görə, yollarda xətlənmələrin aparılması, təhlükəsizlik baryerlərinin quraşdırılması tamamlanıb.
“Nəqliyyat vasitələri sərnişindaşıma xidmətləri göstərməyə hazırdır. Sürücülər həm texniki, həm də nəzəri hazırlıq keçiblər. Azərbaycanın nəqliyyat sektoru Avropa Oyunlarına yüksək səviyyədə xidmət göstərəcək”, - deyə, nazir müavini bildirib.
M.Pənahov qeyd edib ki, Avropa Oyunlarına xidmət göstərmək üçün Bakıda xüsusi ekspress marşrutu müəyyənləşib:
“Açılış-bağlanış mərasimi üçün 6 belə marşrut müəyyənləşdirilib. Onlar vətəndaşların əsasən metro dayanacaqlarından oyunların keçiriləcəyi ərazilərə daşınmasını təmin edəcək. Adi günlərdə isə 12 ekspress marşrut çalışacaq ki, bu da qonaqların, vətəndaşların idman saraylarına daşınmasının rahatlığını təmin edəcək. Bu marşrutlardan həm idman oyunlarına xidmət göstərən şəxslər, həm də bileti olan hər bir vətəndaş istifadə edə biləcək”.
Nazir müavini qeyd edib ki, oyunlarla bağlı paytaxtda ictimai nəqliyyatda bütün avtobuslar tam yeniləşdirilir, texniki baxışdan keçirilir, daxili və xarici görünüşlərində dəyişikliklər aparılır.
“Bütün ictimai nəqliyyat vasitələri təmizlənəcək. Şəhərin mərkəzində avtobusların sayının çox olması bəzən problemlər yaradır. Buna görə də, bir-birinin marşrutunu təkrarlayan avtobuslar şəhərin metro girişlərində hərəkətlərini dayandıracaq və əks istiqamətdə hərəkət edəcəklər.
Vətəndaşlarımız isə daha çox yeni avtobuslardan, şəhərin mərkəzinə gedən xüsusi marşrutlardan və metrodan istifadə edəcəklər”.
Ülviyyə R. Əli
www.oxu.az