Regionlar üzrə yetişdirilən aqrar məhsulların məruz qaldığı müxtəlif risklər qiymətləndirilməlidir. Bunun əsasında sığorta tarifləri müəyyənləşdirilməli, eyni zamanda, aqrar sığorta sahəsində dəyən zərəri qiymətləndirən ekspertlər hazırlanmalıdır. Təkcə qanun layihəsinin hazırlanmasından söhbət getmir.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan texniki yardımın ayrılması məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə danışıqlar aparır:
“Azərbaycana texniki yardımın göstərilməsi məqsədilə, artıq Maliyyə Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında danışıqlar gedir”.
Xidmət rəisi həmçinin əlavə edib ki, avtomobilin sığortalı və sığortasız olduğunu müəyyən etmək üçün xüsusi radarlar quraşdırılması nəzərdə tutulmayıb.
“Xüsusi radarlar quraşdırılmayacaq. Bu gün artıq Dövlət Yol Polisinin şəhərlərarası magistral yollarında texniki vasitələri var. Bu texniki vasitələrlə onlar avtomobilin nömrəsini oxumaqla, onunla bağlı məlumatları əldə edə bilir. İlin sonuna kimi həmin texniki vasitələr İcbari Sığorta Bürosunun (İSB) məlumat bazası ilə də inteqrasiya olunacaq və digər imkanlarla ordan keçən radara düşən avtomobilin sığortalı olub olmaması müəyyən ediləcək”.
Xidmət rəisinin sözlərinə görə, müəyyən texniki məsələlər həll olunandan sonra bu məsələ reallaşacaq.
N.Xəlilov həmçinin əlavə edib ki, bu gün icbari sığorta haqqlarının artırılması üçün iqtisadi əsas yoxdur.
“Bu məsələyə o vaxt baxıla bilər ki, bu məsələ sığortaçı üçün zərərli hesab olunsun” - deyə, Xəlilov əlavə edib.
Xidmət rəisi qeyd edib ki, bu gün sığorta şirkəti üçün problem zərərlərdə deyil, işin aparılması xərclərinin yüksək olmasındadır.
“Bu gün sığorta şirkətləri o barədə düşünməlidirlər ki, iş prinsiplərini təkmilləşdirərək, informasiya texnologiyalarından geniş istifadə ilə özlərinin bu işin aparılması xərclərini aşağı salsınlar”.
Ülviyyə R. Əli
www.oxu.az