Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlıdır.
Oxu.Az xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti bu gün təşkil edilən mətbuat konfransında jurnalistlərə deyib.
“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi olduqca vacibdir. Hesab edirik ki, ölkənin qeyri-neft sektorunun inkişafına da sərmayələr qoyulmalıdır. Biz bu sərmayələrin qoyulmasında iştirak edirik”, - bankın prezidenti əlavə edib.
Onun sözlərinə görə, ölkədə genişmiqyaslı islahatlar aparılır:
“Azərbaycanda islahatlar geniş miqyasda həyata keçirilir. Ölkədə korrupsiya ilə bağlı mübarizə aparılır. Bank sektorunda da müəyyən dəyişiklik gedir. Çünki bank sektorunda inkişaf təmin edilməsə, iqtisadiyyatın inkişafı haqqında söhbət gedə bilməz”.
O, həmçinin əlavə edib ki, Azərbaycan ilə AYİB arasında güclü tərəfdaşlıq var.
Bankın prezidenti onu da əlavə edib ki, son 2 il ərzində 30-a yaxın layihə bank tərəfindən maliyyələşdirilib və buna 270 milyon ABŞ dolları həcmində vəsait ayrılıb.
Qeyd edək ki, bu bankın prezidentinin Azərbaycana artıq 3-cü səfəridir.
Ülviyyə R. Əli
www.oxu.az