Belarusdan, Azərbaycan və Qazaxıstandan çatdırılan ət və süd məhsullarının tədarükü 2014-cü ilin avqustundan etibarən iki dəfə artıb. Bu barədə Moskva şəhəri Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk jurnalistlərə bildirib.
“Biz ərzaqlarla bağlı vəziyyətə nəzarət edirik. Təcrübə göstərir ki, şəbəkəçilər idxalla bağlı vəziyyətin öhdəsindən kifayət qədər yaxşı gəldilər, biz də onlara kömək etdik. Belarusun Kənd Təsərrüfatı Nazirliyi ilə bir neçə dəfə məsləhətləşmələr keçirdik. Respublikadan Moskvaya ət və süd məhsullarının dövriyyəsi son dörd ayda praktiki olaraq iki dəfə artıb”, - A.Nemeryuk deyib.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, Nemeryuk əlavə edib ki, bu cür vəziyyət Azərbaycan və Qazaxıstandan da olan tədarüklərdə müşahidə olunub.
Xatırladaq ki, Rusiya cari ilin avqustundan Qərb ölkələrinin sanksiyalarına cavab olaraq bir il müddətinə həmin ölkələrdən bir sıra məhsulların tədarükünə qadağa qoyub. Siyahıya ABŞ, Avropa Birliyi ölkələri, Kanada, Avstraliya və Norveç Krallığından mal əti, donuz, meyvələr, tərəvəzlər, quş əti, pendir və süd məhsulları, fındıqlar və digər məhsullar daxildir.