Serbiyanın mədən və energetika naziri ilə görüşdə enerji, yaşıl texnologiyalar, sənaye və digər prioritet sahələrdə əməkdaşlığın inkişafı, SOCAR-la birgə layihələr müzakirə olunub.
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşüblər.
Görüşdə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. İqtisadi münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunub. Bu ilin əvvəlində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğu bildirilib. Ölkəmizdə formalaşmış müsbət sərmayə mühiti haqqında məlumat verilib.
Tərəflər enerji, yaşıl texnologiyalar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. SOCAR-la əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb.