Azərbaycana xaricdən damazlıq heyvanların gətirilməsi prosesi davam edir.
Bu məqsədlə bu günlərdə İsveçrədən Azərbaycana 1000 baş “Zanen” keçiləri gətirilib.
Oxu.Az Regionaltv-yə istinadən xəbər verir ki, bu barədə “Aqrolizinq” ASC-dən məlumat verilib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC-yə verdiyi sifariş əsasında gətirilən “Zanen” keçiləri Ağcabədi rayonunda yerləşdiriləcək. Südlük istiqamətli olan bu keçilər gün ərzində 3-4 litr, ildə isə 800-1200 litr süd vermək qabiliyyətinə malikdir.
Əgər gətiriləcək keçilərə Azərbaycandakı hava şəraiti uyğun gələrsə, onların sayı 4 minə çatdırılacaq.
Xatırladaq ki, dövlət başçısının sərəncamına əsasən, bu il xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50% güzəştlə lizinq yolu ilə satılmasını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan “Aqrolizinq” ASC-yə 10 mln. manat vəsait ayrılıb.