Azərbaycanın milli telekommunikasiya peyki orbitə çıxarılmamışdan əvvəl ölkə əhalisinin bir qismi çanaq antenalarını Türkiyə, Rusiya və eləcə də Avropa ölkələrinin peyklərinə tuşlayaraq onların yayımladığı telekanallara baxırdılar. Amma 2013-cü ildə ilk telekommunikasiya peykimiz fəaliyyətə başladıqdan sonra bu sahədəki vəziyyət müsbətə doğru dəyişməkdədir.
Oxu.Az xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda əhali çanaq antenalarını əvvəllər tuşladıqları istiqamətlərdən ayıraraq milli peykimizə doğru yönəltməkdədir.
Milli telekommunikasiya peykimiz vasitəsilə yayımlanan telekanallara baxanların sayı artıb:
“Təqribi hesablamalara görə, təkcə Azərbaycanda bu gün bir milyondan artıq çanaq antenası “Azerspace-1” peykinə tuşlanıb”.
Hazırda “Azərspace-1” peyki üzərindən 60-dan çox yerli və xarici televiziya və radio kanalı yayımlanır:
“Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilər. Bunların 51-i televiziya, 13-ü isə radio kanalıdır”.
Qeyd edək bir müddət öncə Azərbaycan mətbuatında Ukraynanın bir neçə TV kanalını “Azərspace” üzərindən yayımlamaq niyyətində olması ilə bağlı informasiyalar yayılmışdı.
“Azərkosmos”dan sözügedən məlumatlarla bağlı da rəsmi mövqe açıqlanıb:
“Hazırda Ukraynanın bir kanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır”.