Bu gün Bakıda Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Əlaqələndirmə Şurasının 18-ci iclası işə başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, tədbirdə Şuranın Azərbaycan tərəfindən olan həmsədri, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov və digər rəsmi nümayəndələr iştirak edir.
Görüşdə Gürcüstan tərəfinin Əlaqələndirmə Şurasının həmsədri, iqtisadi və dayanıqlı inkişaf naziri Georgi Kvirikaşvili, Gürcüstan dəmir yolları infrastrukturunun direktoru və digərləri təmsil edib.
Gürcüstanın iqtisadi və dayanıqlı inkişaf naziri G.Kvirikaşvili tədbirdə çıxışı zamanı iki ölkə arasında faydalı əməkdaşlıq üçün təşəkkürünü bildirib. O qeyd edib ki, BTQ-nin vaxtında təhvil verilməsi üçün işlər 24 saat rejimində aparılır. O, bu işə yardım göstərən bütün tərəflərə minnətdarlığını bildirib.
Daha sonra Azərbaycanın nəqliyyat naziri Z.Məmmədov çıxış edib və toplantı iştirakçılarına iclasın proqramını açıqlayıb.
Bundan sonra iclas bağlı qapılar arxasında davam etdirilib.