Fevralın 20-də vəfat edən Azərbaycanın 90 yaşlı Xalq artisti Firəngiz Şərifovanın son arzusu bilinib.
Oxu.Az xəbər verir ki, aktrisanın istəyi nəvəsi, Azərbaycanı “Eurovision 2011” mahnı müsabiqəsində təmsil edən və qalib gələn Eldar Qasımovla bağlı olub. Belə ki, xalq artisti gənc müğənninin planlaşdırdığı solo konsert proqramının tez baş tutmasını istəyib.
Eldar Qasımov bu barədə belə açıqlama verib:
“Konsertimi başqa günə keçirəcəyəm və nənəmin xatirəsinə həsr edəcəyəm. Mən istəyirəm ki, heç kim kədərlənməsin. Çünki mən özüm kədərlənmirəm, konsert günü nənəm həmişə olduğundan da yaxın olacaq mənə”.
Konsertə bilet alanların nəzərinə çatdırırıq ki, 23 fevralda baş tutmalı olan konsert Martın 9-da saat 20:00-da “Pasifico - Lounge & Dining”-də keçiriləcək.
Qeyd edək ki, Eldar Qasımov nənəsi, xalq artisti Firəngiz Şərifovanın ölümü ilə bağlı olaraq konsertini təxirə salmışdı.
Aytən Sadıqzadə
www.oxu.az