“Ümid” və “Qərbi Abşeron” yataqlarında qazma işlərinin aparılması cari ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “Abşeron Qazma Şirkəti”nin (AQŞ) birgə müəssisəsi olan “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, MMC-nin mətbuat xidmətindən bildirilənə görə, “Ümid” yatağında qazma işləri “SOCAR-ÜMİD” MMC-nin sifarişi əsasında aparılacaq.
Yaxın gələcəkdə “SOCAR-AQŞ” adıçəkilən yataqda “ZJ-70” tipli bir qazma qurğusu ilə qazma işlərinə başlayacaq. Hazırda “Ümid” yatağında 1 nömrəli dərin dəniz stasionar özülündən 14 nömrəli kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri çərçivəsində özüldə texniki baxış, təmir və montaj işləri həyata keçirilir.
Bu kəşfiyyat quyusu “Ümid” yatağının neft-qaz ehtiyatlarını öyrənmək məqsədilə qazılır. Ümumilikdə, “Ümid” yatağında 1 nömrəli dərin dəniz stasionar özülündən orta dərinliyi 6 min 700 metr olan 3 quyunun qazılması planlaşdırılıb.
Həmçinin müəssisə “Qərbi Abşeron” yatağında 20 nömrəli dərin dəniz stasionar özülündən orta dərinliyi təxminən 1000 metr olan 10 quyunun qazılmasını planlaşdırır. SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən sifariş edilən bu quyuların horizontal qazılması nəzərdə tutulub.
Müəssisə hər iki yataqda Avropa, ABŞ və Yaponiya istehsalı olan texnika və texnologiyaların tətbiqinə üstünlük verəcək.