Şərait tələb edərsə, Azərbaycan hökuməti yaxın illər üçün priorotet olmayan infrastruktur layihələrinin icrasını təxirə sala bilər.
Oxu.Az-ın Fins.az-a istinadən verdiyi məlumata əsasən, bu barədə maliyyə naziri Samir Şərifov Bakıda “Caspian European Club” çərçivəsində keçirilən biznes-forumda deyib.
“Amma bununla bağlı hələ ki, heç bir qərar verilməyib”, deyə Samir Şərifov əlavə edib.
Şərifovun sözlərinə görə, hesablamalara görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinə ciddi təsir etməyəcək. Onun sözlərinə görə, yalnız icmal büdcəsinin gəlirlərində xeyli azalmalar müşahidə edilə bilər.
Nazirin sözlərinə görə, qısa müddət ərzində neftin 40% ucuzlaşması və dünya bazarındakı qeyri-müəyyənlik hökumət tərəfindən diqqətlə izlənilir və buna uyğun tədbirlər görüləcək.
Gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barrel üçün 90 dollardan götürülməsinin nə qədər məqsədəuyğun olub-olmaması barədə suala cavab verən Samir Şərifov deyib ki, bu məsələyə yenidən baxılması büdcə üçün vacib deyil.
“Çünki büdcə gəlirləri müəyyən mənada sığortalanıb. Yalnız Dövlət Neft Fondundan köçürmələr hesabına formalaşan icmal büdcəsinin gəlirlərində azalma müşahidə edəcəyik”.