Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə qazdoldurma stansiyaları tikmək istəyir.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar “Azəriqaz” İstehsalat Birliyi və “Məişət Maye Qaz” QSC tərəfindən birgə müəssisəsi təsis edilib:
“Artıq bu müəssisə formalaşmaq üzrədir. SOCAR tərəfindən Gürcüstanda maye qazın yanacaqdoldurma məntəqəsində satış təcrübəsi aparılıb. Bu iqtisadi cəhətdən sərfəlidir”.
S.Qasımov deyib ki, böyük şəhərlərdə artıq nəqliyyat vasitələri üçün benzindən deyil, maye qazdan istifadə edilir:
“Gələcəkdə ictimai nəqliyyatda ucuz yanacaqdan istifadə edilərsə, bu həm insanlar, həm də şirkətlər üçün sərfəli olar”.