Respublikanın 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi uğurla davam etdirilir və yaxın bir ay ərzində bu iş yekunlaşacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirib.
“Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə, böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır. Rayonların Rəqəmsal Torpaq Xəritələri tərtib edilir.
Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb. Hazırda Şəki rayonunda icra olunan kadastr layihəsi 2016-cı ilin birinci yarımilliyində yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaqdır. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb.
Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130.000 ha ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq. Bu işlərlə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb”, - deyə R.Həsənov qeyd edib.
O, həmçinin bildirib ki, inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Belə ki, bu proses 1,8 mln. ha ərazidə artıq yekunlaşıb.
“Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2019-cu ilin sonunadək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir.
Uçot Sisteminin proqram təminatının yaradılması işinə ötən il başlanılıb və bu işin cari ildə yekunlaşdırılması nəzərdə tutulub”, - deyə R.Quliyev bildirib.
Ülviyyə R. Əli
www.oxu.az