Pirallahı rayonunda Günəş Elektrik Stansiyasının tikintisinə başlanılıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə Pirallahı Rayon İcra Hakimiyyətindən bildirilib.
Bu stansiyanın inşa edilməsi məqsədilə Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılıb. Qısa müddətdə torpaq sahəsi, layihə və tikinti sənədləri ilə əlaqədar bütün məsələlər Bakı Şəhər İcra Hakimiyyətində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, eləcə də Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılıb və Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisinə başlanılıb.
Qısa müddət ərzində istismara verilməsi nəzərdə tutulan Günəş Elektrik Stansiyasının gücü 2,8 meqavat olacaq.
İcra Hakimiyyətinin məlumatında qeyd olunur ki, stansiyanın istifadəyə verilməsi ilə bu rayonda alternativ və bərpa olunan enerji mənbələri tətbiq ediləcək, enerjidən səmərəli istifadə olunmasına, adanın enerji dayanıqlığının təmin edilməsinə şərait yaradılacaq. Perspektivdə isə digər enerji mənbələrindən imtina edilərək Pirallahı rayonunun yalnız bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi ilə təchizi istiqamətində irəliyə doğru atılmış böyük bir addım olacaq.