Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un bu il bank-maliyyə xidmətlərindən əldə olunan gəlirinin 50% artacağı proqnozlaşdırılır.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
Onun sözlərinə görə, ötən il “Azərpoçt”un məhz bank-maliyyə xidmətlərinin göstərilməsindən əldə edilən gəliri 2 dəfə artaraq 1 milyon manatdan çox olub, halbuki 2010-cu ildə bu göstərici cəmi 170 min manat təşkil edib.
“Bu ilin sonuna qədər biz bank-maliyyə xidmətlərindən əldə olunan gəlirin 1,5 milyon manatadək artacağını gözləyirik. Ümumilikdə növbəti illərdə illik gəlir artımının 20-30% təşkil edəcəyini ehtimal edirik”,- deyə o bildirib.
Qeyd edək ki, maliyyə xidmətlərinin göstərilməsi məqsədilə “Azərpoçt” MMC Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə, eləcə də SWIFT sisteminə qoşulub.