Ümid edirik ki, bu ilin iyun ayından etibarən Bakıdan Şarm-Əl Şeyx şəhərinə birbaşa uçuşun həyata keçirilməsi Misirə gələn turistlərin sayını dəfələrlə artıracaq.
Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Misirin rəsmi nümayəndələri bu gün keçirilən mətbuat konfransında deyiblər.
2015-cü ildə 3000-dən çox turist Azərbaycandan Misirə səfər edib. Əgər 2010-cu illə müqayisə etsək, Azərbaycandan gələn turistlərin sayı 100 dəfədən çox artıb. 2010-cu ildə isə bu rəqəm 1463 nəfər olub.
Onların sözlərinə görə, azərbaycanlılar Misirə ən çox məhz qış mövsümündə üz tutublar.
Bundan başqa, Misir Otelyerlər Assosiasiyasının rəhbəri Əhməd Əyyub bildirib ki, Misir otellərinin potensialı 70%-ə yaxındır:
“Bizim otellərdə olan potensial 70%-ə yaxındır. Otellərin ulduzlarının sayına gəldikdə, 2 ulduzdan 5 ulduza qədər bizim kifayət qədər müxtəlif çeşiddə otellərimiz var. Amma 50%-ə yaxın otellərimiz 2 və 3 ulduzludur. Şimal sahillərində də Misirin çox gözəl turizm imkanları mövcuddur. Məhz bu böyük potensialı gördük və ora kifayət qədər sərmayə qoyduq.
Təəssüflər olsun ki, orda bizim 8000 çarpayılıq potensialımız var. Artıq Şimal sahillərində yerləşən turizm obyektlərində otaq və çarpayıların sayını artırmaq üçün master planımız hazırlanır” - deyə Əhməd Əyyub qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az