2014-cü il ərzində 7 milyard 683,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.
Bu barədə Oxu.Az-a “Azərenerji” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, 2013-cü ildə “Azərbaycan” İES 7 mlrd. 633,2 mln. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da bu ilin göstəricisindən 0,7% azdır.
“Azərenerji”nin məlumatında göstərilir ki, təmir qrafikinə və “Enerji müəssisələrinin 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlığı haqqında” kompleks tədbirlər planına uyğun olaraq stansiyanın V enerji blokunda idarəetmə sisteminin yenidən qurulması və blokun avadanlıqlarında əsaslı təmir, VI və VIII enerji bloklarında əsaslı, digər enerji bloklarında planlı cari təmir işləri aparılıb, texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və dayanıqlı işinin təmin olunması məqsədilə rejim-sazlama işləri həyata keçirilib.
Suhazırlama qurğusu, yanacaq təsərrüfatı, kompressor və azot-oksigen sahəsi üzrə avadanlıqlar, yükqaldırıcı kran və mexanizmlər təmir və təftiş olunub.