2014-cü ildə Britaniyanın BP şirkəti və onun tərəfdaşları Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda 31,5 milyon ton neft (233 milyon barel) neft hasil ediblər. 2013-cü ildə bu rəqəm 32,2 milyon ton neft (239 milyon barel) olub.
Oxu.Az xəbər verir ki, bu barədə 2014-cü ildə BP şirkətinin biznes əməliyyatları hesabatında deyilir.
Şirkətin hesabatında deyilir ki, yola saldığımız ilin sonunda bizim ümumilikdə AÇG-də 84 neft hasilat quyumuz və 39 qaz və su injektor quyumuz istismarda idi. AÇG-də 14 hasilat və 5 injektor quyusu qazılıb.
“Yola saldığımız ildə AÇG-dən Dövlət Neft Şirkətinə (SOCAR) gündə orta hesabla 7,55 milyon kubmetr, ümumilikdə isə il üçün 2,76 milyard kubmetr səmt qazı verilib”- bu barədə şirkətin hesabatında deyilir.
AÇG-dən ilk neft hasilatından bəri ümumilikdə 2,6 milyard bareldən artıq xam neft hasil edilib.
Qeyd edək ki, 2014-cü il ərzində AÇG layihəsinə təqribən 1 milyard dollar əməliyyat məsrəfləri və 2,3 milyard dollar əsaslı məsrəflər xərclənilib. BP (operator – 35,8%), SOCAR (11,6%), Chevron (11,3%), İNPEKS (11%), Statoil (8,6%), ExxonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videsh Limited-in (OVL) (2,7%) AÇG-də iştirak payları var.