“Qlobal Su təsərrüfatı liderləri” Qrupunun təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afinada keçirilmiş “Global water 2015” forumu yekunlaşıb.
Oxu.Az-a “Azərsu” ASC-dən verilən məlumata görə, forumda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən su şirkətlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə qlobal su problemləri haqqında məruzələr dinlənilmiş, problemlərdən çıxış yolları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Azərsu” ASC “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən 2015-ci ilin “Su Liderləri” nominasiyasında mükafata layiq görülüb.
Bu münasibətlə “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova təbrik məktubu göndərilib.
Məlumat üçün bildirək ki, “Qlobal Su təsərrüfatı liderləri” Qrupu dünya üzrə qlobal su problemlərinin həlli sahəsində fəaliyyət göstərən mötəbər qurumlardan biridir. 2500-ə yaxın üzvü olan qrupda dünya ölkələrinin su sektoru üzrə dövlət təşkilatları və özəl şirkətlərinin rəhbərləri təmsil olunur.
Ülviyyə R. Əli
www.oxu.az