2014-cü ildə “Azərsu” ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 104 min və ya 8,5% artıb.
Oxu.Az-a bu barədə “Azərsu”dan məlumat verilib.
Məlumatda qeyd olunur ki, yanvarın 1-i 2015-ci il tarixinə ölkə üzrə 1 309 401 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.
İstehlakçıların 1 milyon 255 831 mini və ya 96%-ni əhali, 53 570-i və ya 4%-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 91 min və ya 7,8%, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 13 min və ya 31% artıb.
“Azərsu”nun məlumatına görə, il ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Xatırladaq ki, yanvarın 1-i 2015-ci il tarixinə su təchizatı xidməti tərəfindən göstərilən abunəçilərin 750 mini sayğacla təmin olunub, sayğaclaşma səviyyəsi 57%-ə çatıb.