“Azərsu” ASC “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
Bu barədə “Azərsu” dan Oxu.Az-a bildirilib.
Təsdiqlənmiş plana uyğun olaraq, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral xəttin tikintisi, həmçinin Salyan şəhərinin bəzi küçələrində yeni paylayıcı şəbəkənin yaradılması nəzərdə tutulur.
Layihə çərçivəsində 1,4 km uzunluğunda magistral, 2 km uzunluğunda paylayıcı xətlərin inşasına başlanılıb.
Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, layihə üzrə işlərin iyun ayında tam başa çatdırılması nəzərdə tutulub.
Şəhərə yeni mənbədən suyun verilməsi təmin edildikdən sonra 1972-ci ildən istismarda olan sutəmizləyici qurğunun, həmçinin 3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılacaq.
Ümumilikdə, Şirvan-Muğan qrup su kəməri Hacıqabul, Şirvan, Biləsuvar, Salyan və Neftçala şəhərlərinin, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin 470 min sakininin içməli su təchizatının yaxşılaşmasına hesablanıb.
Ülviyyə R. Əli
www.oxu.az