“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildirilənə görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri başa çatıb, hazırda həmin sahədə elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçməsi gündəmdədir.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, enerji təchizatı üzrə keçirilmiş tender vasitəsilə podratçı şirkət müəyyən olunmuş və “ATEF” şirkətlər qrupu ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanıb. Bu müqavilənin icra cədvəlinə əsasən, podratçı şirkət enerji təchizatı ilə bağlı işlərə başlayıb.
Layihə sənədlərinin hazırlanması 4 mərhələ - Böyük Kəsik-Gəncə sahəsi, Gəncə-Ucar sahəsi, Ucar-Hacıqabul sahəsi və sonda Hacıqabul-Bakı sahəsi üzrə aparılacaq.
Araşdırmalardan sonra 12 ədəd dartı yarımstansiyasının yeri seçilərək müəyyən edilmiş və onların quraşdırılmasına başlanılıb.
Tikinti işlərini lazım olan materiallarla, texniki qurğularla təmin etmək məqsədilə “ATEF” şirkətlər qrupunun zavodlarında dəmir dayaqlar, yüksək gərginlikli transformatorlar hazırlanıb.
Artıq 1-ci mərhələ üzrə Böyük Kəsik-Gəncə sahəsində - Böyük Kəsik, Ağstafa, Düyərli və Alabaşlı dartı yarımstansiyalarının tikintisi başa çatdırılıb.
Burada yüksəkgərginlikli avadanlıqlar, transformatorlar, açarlar, 110 və 25 kV-luq paylayıcı qurğular quraşdırılıb.
Hazırda ikinci mərhələ üzrə Gəncə-Ucar sahəsində layihə sənədlərinin hazırlanması işləri yekunlaşmaq üzrədir.