Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaxın bir neçə ayda Bakı dairəvi yolunda təmir işlərini başa çatdırmağı planlaşdırır.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, əvvəlcə təmir işlərinin avtomobillərin hərəkətini qismən məhdudlaşdırmaqla aparılması planlaşdırılmışdı. Lakin təcrübəsiz sürücülərin günahı üzündən burada bir neçə yol-nəqliyyat hadisəsi baş verdi və Qazax-Astara istiqamətində nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması qərara alındı.
Bununla yanaşı, Mürsəliyev qeyd edib ki, sürücülər “Sədərək” Ticarət Mərkəzinin daxili yolunda 0,5 manat həcmində yol haqqı ödənişinin lazım gəlməsindən şikayətlənirlər:
“Sürücülərin şikayətlənməyə haqqı yoxdur, çünki burada alternativ Xocəsən-Lökbatan yolu mövcuddur. Bu yoldan istifadə edilərsə, “Sədərək” Ticarət Mərkəzinin ərazisindəki yoldan keçməyə ehtiyac yoxdur”.(Trend).