Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı Enerji Forumunun ikinci günü başlayıb
Bakıda Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir. 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq.
Builki tədbirdə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma", "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" kimi mövzular müzakirə olunacaq. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.
Həmçinin, yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçiriləcək.
Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradacaq.
Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.