"Azərbaycan regionun elektrik enerjisi mərkəzlərindən birinə çevrilə bilər".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Masdar" şirkətinin Biznes və Layihələrin İnkişafı üzrə direktoru Abdulla Zayed 31-ci Bakı Enerji Forumu çərçivəsində deyib.
O bildirib ki, ölkə yeni enerji layihələrinin inkişafı, enerji marşrutlarının yaradılması, Mərkəzi Asiya, Cənub-Şərqi Avropa və digər bölgələrlə əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynaya bilər:
"Azərbaycanın bir sıra üstünlükləri var. Ölkə geniş torpaq sahələrinə, zəngin təbii resurslara malikdir. Söhbət təkcə təbii qazdan getmir, həm də bərpaolunan enerji potensialından gedir. Hazırda 1 giqavatdan çox gücə malik layihələr ya istismardadır, ya tikinti mərhələsindədir, ya da inkişaf prosesindədir. Bu layihələr beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilir. Resurslar mövcuddur və yaşıl enerji potensialını daha da genişləndirmək mümkündür. Bu isə Azərbaycanı enerji əməkdaşlığı üçün cəlbedici mərkəzə çevirir. Uzun illər neft və qaz sənayesi üzərində qurulan iqtisadiyyatın bu gün bərpaolunan enerji mənbələrinə keçid etməsi güclü bir nümunədir. Bu, Azərbaycanın dünyaya verdiyi mesajdır".