"Azərbaycanın enerji sisteminin əsas problemlərindən biri məhdud qarşılıqlı əlaqədir. Söhbət beynəlxalq enerji şəbəkələri ilə kontaktlardan gedir".
Oxu.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib.
O bildirib ki, ölkənin enerji sistemi həm ölçü baxımından nisbətən kiçikdir, həm də qonşu ölkələrin enerji sistemləri ilə genişmiqyaslı inteqrasiyaya malik deyil:
"Hazırda Rusiya ilə əlaqəmiz mövcuddur və yalnız bir ötürücü xətt vasitəsilə işləyirik. Gürcüstanla da bağlantımız var, lakin daha çox onların sisteminin balanslaşdırılmasına kömək edən tərəf bizik.
Əgər enerji sistemi böyük deyilsə, onun digər şəbəkələrlə güclü əlaqələri olmalıdır. Bu halda artıq enerjini ixrac etmək, çatışmazlıq zamanı isə idxal etmək mümkündür. Azərbaycanda bu imkanlar hələ məhduddur. Enerji interkonnektorlarının inkişafı bu problemin həllində mühüm rol oynayacaq".