Cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında həll olunacaq.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Təqdim olunan qanun layihəsində təklif edilən əlavə və dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apellyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını təmin edir.
Yuxarıda qeyd olunduğu kimi, ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.
Belə ki, mülki mühakimə icraatından fərqli olaraq, məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik, daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.