Bakıya tıxac probleminin aradan qaldırılması məqsədilə 7 terminal - “Park-manat” gətirilib.
Oxu.Az xəbər verir ki, bunu Bakı meri Hacıbala Abutalıbov deyib.
Onun sözlərinə görə, terminallardan 6-sı quraşdırılıb, 7-cisi isə bu gün Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq.
“İlin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq”.
Abutalıbovun sözlərinə görə, paytaxtda “Park-manat” terminalları kənar küçələrdə də quraşdırılacaq.
“Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. “Park-manat”lar nağd pul və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq. Pul ödənməsə, maşınların sürücüləri hər saat üçün ikiqat cərimə olunacaq. Bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq”.
Paytaxt meri polisin qanunsuz park etmiş bahalı avtomobillərə qarşı tədbir görməməsi barədə sualı da cavablandıraraq, bu məlumatların yalan olduğunu vurğulayıb.
“Kimliyindən, vəzifəsindən asılı olmayaraq, bahalı, hətta xüsusi nömrəli maşınların şəhərin mərkəzində qeyri-qanunsuz parkinqi qadağandır. Bununla bağlı bazar ertəsi xüsusi sərəncam verəcəyəm. Onlar öz cəzalarını alacaqlar”.
Hacıbala Abutalıbov həmçinin paytaxtda velosiped yollarının salınması barədə də danışıb.
“Bakıda xüsusi velosiped yolunun salınması nəzərdə tutulur. Hal-hazırda bu barədə qərar yoxdur, amma bu baş verəcək. Bunu mən görməsəm də, sizlər görəcəksiniz”.
Elvin Əhmədov
www.oxu.az