Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.
Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
“Hazırda son işlər görülür. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşu davam edir. Bu gün 600 metr yol qoyulacaq.
Eyni zamanda Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür” - deyə, QSC qeyd edib.
Bundan başqa, “Azərbaycan Dəmir Yollar”ından bildirilib ki, Sumqayıt sərnişin stansiyasının söküntüsü davam edir:
“Sumqayıt sərnişin stansiyasının söküntüsü davam edir. Köhnə binanın yerində müasir standartlara uyğun ikimərtəbəli stansiya inşa olunacaq”.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 61 km yol əsaslı təmir olunub.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Onu da əlavə edək ki, əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
Ülviyyə R. Əli
www.oxu.az