Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.
Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
“Sabah Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşuna başlanılır. İlkin olaraq bu yolun üzərində yoldəyişdirici qurğular qoyulacaq.
Eyni zamanda Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür” - deyə, N.Əzməmmədov qeyd edib.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 61 km yol əsaslı təmir olunub.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.
Ülviyyə R. Əli
www.oxu.az